2017 Opel İnsignia B

2017 Opel İnsignia B

İnsignia-nın bu növü Avstraliyada ZB Commodere, Amerika və Asiyada 6-cı nəsil Buick Regal olaraq bazara satışa çıxarılır. İlk dəfə 2017-ci ilin Mart ayında Belqraddakı Avtosərgidə həvəskarlara təqdim edildi. Dizayn olaraq 2013 Opel Monza Konsepti əsas götürüldü. Opel şirkəti performans modeli kimi OPC adını dəyişərək ən son 3-cü nəsil Vectra-da istifadə etdiyi GSİ etiketinə geri qayıtdı. Yəni İnsignianın ən güclü versiyası İnsignia OPC yox, artıq İnsignia GSİ adlanır. GSİ etiketi İnsignianın Vauxhall versiyasındakı VXR-in yerinə keçmişdir.



Yeni İnsignia artıq daha kəskin xətli və daha ekonomikdir. Çox dinamik tənzimləməli şassi, yenilənmiş 4x4 sistemi ilə hər cür yolda yüksək qavrama dərəcəsi ilə mükəmməl sürüş həzzi və etibarlılıq bəxş edir. Yeni 8 pilləli avtomatik transmissiya yarış avtomobillərində olduğu kimi sükandan tənzimlənə bilən düymələrlə idarə edilə bilir. Avtomobilin ağırlıq mərkəzi əvvəlki modelinə görə aşağı salınmışdır. Yenilənmiş 2.0 Turbo mühərrik ilə yeni İnsignia GSİ əvvəlki 2.8 V6 Turbo İnsignia OPC-dən 160 kq daha yüngüldür. Bu isə özünü performansda müsbət göstərərək Nürburgring yarış zolağında Yeni İnsignianı sələfindən xeyli qabağa saldı.



Sport rejimində sport amartizatorların hündürlüyü 1 saniyədən də az müddətə 10 mm aşağı düşür və gövdə hərəkətlərini ən aza endirir. Güclü 345 mm Brembo əyləclər və Sport Sükan sistemi də bu rejimə uyğun tənzimlənir. İdarəetmə modulu dərhal qaz pedalını sport rejimə kalibrasiya edir, 8 pilləli avtomatik transmissiyanın pillə dəyişdirmə tezlik nöqtələrini də dəyişdirir. Sürücü bundan əlavə Səyahət və Standart rejimlərini də seçə bilər. Seçilən rejimdən asılı olaraq sükan və qaz pedalı həmin rejimə uyğunlaşdırılır. GSİ modelinə özə ESP düyməsi var. Bu düymə aktiv edildikdə Rəqabət rejimi aktivləşir və yarışa hazır olursunuz.

Əlavə güclü yol tutuşlu Michelin Pilot Sport 4 S təkərləri və 20" böyük disklərlə birlikdə yenilənən sport şassi avtomobili yola yapışdırır. Seqmentində əvəzsiz olan, standart olaraq təqdim edilən dövr vektorlu 4x4 sistemi də buna kömək edir. Bu yüksək texnologiyalı sistemdə, arxa oxdakı differensial sürüş vəziyyətindən asılı olaraq hər bir arxa təkəri 1 saniyədən də az müddətə ayrı-ayrı sürətləndirib-yavaşladan 2 qavrayıcı ilə dəyişdirilir.



Opel tərəfindən təkmilləşdirilən, uzun məsafəli yolda komfortdan əlavə daha çox yan dəstək təmin edən yeni Sport Oturacaqlar birinci sinif AGR sertifikatına sahibdir (Aktion Gesunder Rücken eV). Bu səbəblə erqonomik olaraq ideal oturacaqlardır. Bu oturacaqlarda havalandırma, isitmə, masaj və tənzimlənən yan dəstəklər mövcuddur. 2 nəfər üçün 6 duruş vəziyyətini yaddaşda saxlayan yaddaş paketi mövcuddur.



Yenilənmiş faralar artıq Ksenon yox, ondan daha üstün IntelliLux LED Matrix faralardır. Bu faralar yolu 400 metrə qədər işıqlandırmağa qadirdir. 32 ədəd LED lampadan ibarət olan bu faralar qarşıdakı sürücünün gözünü qamaşdırmır. Yəni sizin uzaq/yaxın (dalni/blijni) etməyinizə gərək qalmadan fara qarşıdan gələn avtomobilə düşən LED-ləri avtomatik olaraq söndürür, yol kənarındakı nişanları avtomatik işıqlandırır. 40 km/s sürətə qədər döngələrə girən zaman dönəcəyiniz istiqaməti işıqlandıran lampalar mövcuddur. Bu faralar ilə gecə sürüşü daha etibarlı və rahatdır.



Opelin təkmilləşdirilmiş təhlükəsizlik sistemləri kameraların köməyilə yol nişanlarını tanıya bilir, sürücüyə daim yolu nəzarətdə saxlamağa kömək edir, sürət limitinin aşılması barədə xəbərdarlıq verir, yolun xətlənmiş hissəsindən çıxdıqda sükanı avtomatik döndərərək avtomobili yola qaytarır, irəlidə hər hansı maneə ilə toqquşmanın baş verəcəyi ehtimalı varsa sürücüyə xəbərdarlıq edir və özü avtomatik əyləci basır. Çox yavaş gedən avtomobilə sürətlə yaxınlaşdıqda sizi məlumatlandırır və qarşısını almaq üçün sürücüyə kömək olur. Kameralar yola çıxan piyada aşkar etdiyi zaman sürücünün reaksiya verməsini gözləmədən təcili əyləc funksiyasını işə salır. Önünüzdəki avtomobili keçmək istədiyiniz zaman yan güzgülərdə kor nöqtələri görməsəniz belə sensorlar görmədiyiniz avtomobili aşkar edərək sizə yolun istiqamətini dəyişməyə icazə verməyəcək.



Əliniz yüklü olduğu zaman artıq yük qapağını açmaq çətin olmayacaq. Ayağınızı sadəcə aşağı hissəyə gətirib yelləməyiniz kifayətdir. Qapaq avtomatik olaraq açılacaqdır. Eyni qayda ilə ayağınızı yellədiyiniz zaman qapaq yenidən bağlanır.



İntelliLink məlumat-əyləncə mərkəzi bütün İnsignia-larda standart olaraq mövcuddur. 7 dyümlük bu monitorda mobil telefonunuza qoşularaq onu salondan idarə edə, Naviqatorun bütün funksiyalarından yararlana bilərsiniz. Salonda telefonunuz üçün Wi-Fi, Bluetooth, USB və simsiz enerji doldurma sistemi də var. 7 dinamikli 4x20w Bose Premium səs sisteminin keyfiyyətli səsi salonda mükəmməl akustika yaradacaq.



Avtomobilin Grand Sport modelinin texniki göstəriciləri:

• Regal USA (yalnız ABŞ üçün istehsal edilir) - Motor 3.6 / V6 / 310 HP / 382 Nm / 0-100 = 6.9 saniyə / max sürət 250 km.h / trasda 10.5 L, şəhərdə 14.9 L / tam ötürücü / 8 pilləli transmissiya / uzunluq 4900 mm, eni 1863 mm, hündürlük 1455 mm, təkər bazası 2829 mm / təkər ölçüsü 245/40 R19 / ağırlıq 1937 kq / baqaj 892/1719 L / yanacaq tutumu 62 L

• GSİ - Motor 2.0 Turbo / L4 / 260 HP / 400 Nm / 0-100 = 7.3 saniyə / max sürət 250 km.h / trasda 7.1 L, şəhərdə 11.5 L / tam ötürücü / 8 pilləli transmissiya / uzunluq 4897 mm, eni 1863 mm, hündürlük 1455 mm, təkər bazası 2829 mm / təkər ölçüsü 245/35 R20 / ağırlıq 1608 kq / baqaj 490/1450 L / yanacaq tutumu 62 L

• 1.6 D - Motor 1.6 Turbo-Dizel / L4 / 136 HP / 320 Nm / 0-100 = 10.9 saniyə / max sürət 203 km.h / trasda 4.5 L, şəhərdə 6.9 L / ön ötürücü / 6 pilləli transmissiya / uzunluq 4897 mm, eni 1863 mm, hündürlük 1455 mm, təkər bazası 2829 mm / təkər ölçüsü 215/60 R16 / ağırlıq 1447 kq / baqaj 490/1450 L / yanacaq tutumu 62 L



Sports Tourer modelinin texniki göstəriciləri:

• 2.0 D - Motor 2.0 Bi-Turbo-Dizel / L4 / 210 HP / 480 Nm / 0-100 = 8.2 saniyə / max sürət 228 km.h / trasda 6 L, şəhərdə 8.9 L / tam ötürücü / 8 pilləli transmissiya / uzunluq 4986 mm, eni 1863 mm, hündürlük 1534 mm, təkər bazası 2829 mm / təkər ölçüsü 245/45 R18 / ağırlıq 1733 kq / baqaj 560/1665 L / yanacaq tutumu 62 L







Rəylər

Oxşar məqalələr