Faraları necə parlatmaq olar?

Faraları necə parlatmaq olar?

İllərin təsiri nəticəsində fara şüşəsi aşağıdakı vəziyyətə gələ bilir və ya avtoyumadan sonra içində buğlanma yaranır. Usta yanına getmədən özünüz onu bərpa edə bilərsiniz.



Əvvəlcə sumbata kağızı (şkurka) alıb faranı sürtmək lazımdır. Faranın vəziyyəti yuxarıdakı kimi çox pis deyilsə 1500-lük sumbata kağızı ilə işə başlayın. Yox əgər çox bərbaddırsa faranı sürtməyə 1000-lik hətta 500-lük sumbata ilə başlayıb daha sonra 1000, 1500, 2000 və 2500-lüklə davam edirik ki, faranın üzündəki bütün nahamarlıqlar yoxa çıxsın.

Sürtmə qaydası: 1 vedrə su götürüb sumbatanı suya batırıb faranın hər yerini dairəvi şəkildə ovalayırıq. Bunu əl ilə 5 dəqiqə etmək kifayətdir. Sonra 2000-lik və daha sonra 2500-lük sumbata ilə eyni qaydada suya batıraraq faranı sürtürük. Sumbata avtomobilin boyasına zərər verməsin deyə fara kənarlarına yapışqan kağız çəkmək lazımdır. Sürtüb qurtardıqdan sonra faranı təmiz su ilə yuyuruq ki, üstündə kir qalmasın.



Ən sonuncu sumbata ilə faranı sürtüb qurtardıqdan sonra fara yuyulub təmizlənir və quru dəsmal ilə qurulanır ki, su damlalrı qalıb parladıcı kremə qarışıb kremin keyfiyyətini itirməsin. Mən nümunə üçün aşağıdakı kremin şəklini qoydum. Bazarda çox güman ki, bundan da yaxşı parladıcı kremlər var. Ucuz kremlər təxminən 4-5 manatdan başlayır. Bir çox sürücü ön alın şüşəsini (patpresi) də bununla parladıb cızıqları aparır. Gecə qarşıdan gələn maşınların işığı şüşəyə düşür və sürücünün gözünü qamaşdırır. Ön şüşəni də parlatdıqdan sonra bu problem aradan qalxır və ön alın şüşəsi yeni kimi olur. Bu şəkildə görünən dəst halında satılan parladıcı krem paketidir.



Artıq parladıcı kremi quruyan faraya tətbiq edə bilərik. Fırlanan başlıqlı aparatınız varsa bu işi onunla rahat görə bilərsiniz. Çünki aparatla həm daha tez effekt verir, həm də qolunuz yorulmur. Aparat yoxdursa quru dəsmala kremi sürtərək faranı əliniz ilə dairəvi şəkildə sürtün. 4-5 dəqiqə sürtdükdən sonra rənginin açıldığını görəcəksiniz.



Bura qədər sadaladıqlarım ən ucuz variant fara parlatmaq idi. İndi nisbətən bahalısını izah edim. Bayaq faranı sumbata ilə sürtüb ən axırda parladıcı krem ilə işi sonlandırdıq. Amma digər bir variant isə faranı eyni qaydada sürtüb hazır etdikdən sonra ən axırda laklamaqdır. Bu lak "Parlaq Akrilik Lak" adlanır. Vurduqdan sonra quruyub sərtləşir və lakın özü şüşə kimi faranın səthini tutur. Mənfi cəhəti odur ki, keyfiyyətsiz lak olduqda tez çatlayır. Ən yaxşı halda 2 il gedir. Ondan sonra yenidən sumbata ilə sürtüb püskürtmə ilə laklamaq lazım gəlir.



Parladılan faranı qorumaq üçün şəffaf vinil də çəkmək olar. Bu vinilin əsas məqsədi tam yeni faranı və ya yenicə parladılmış faranı kənar təsirlərdən, böcək zərbələrindən və cızılmaqdan qorumaqdır. Bu vinili faraya çəkmək üçün biraz əl qabiliyyəti lazım olacaq. Yuvarlaq hissələrdə çətinlik çəksəniz fendən istifadə edərək vinili isidərək ona forma verə bilərsiniz.



Bura qədər sadalananlar faranı çöldən parlatmaq idi. Hərdən içəridən də toz və kir nəticəsində kirlənən faralara rast gəlirik. Faranı içəridən təmizləmək üçün mütləq zavod germetikadan sökülüb üz qapağı çıxarılmalıdır. Germetikanı eləcə dartıb çıxarmaq olmaz, yoxsa faranın üz qapağı qırılar. Bunun üçün texniki fen ilə faranın kənarlarını az-az isidib germet kleyi yumuşaltmaq lazımdır. Bundan sonra çıxarılan üz qapağını su ilə yuyub qurulamaq kifayətdir. Faranın içini isə suya salmadan nəm dəsmal ilə yavaş-yavaş silmək kifayətdir. Daha sonra faralar üçün nəzərdə tutulan qara qalın germeti fara qapağının oturacağının hər tərəfinə yaxşı doldurub bağlayın ki, sonradan toz və su girməyə yer qalmasın.



Hərdən də elə olur ki, avtomobili avtoyumadan çıxardıqdan sonra faranın içində yuxarıdakı kimi nəm əmələ gəlir. Bu hal mühərrik və radiator istiliyinin təsirindən, fara çölündəki temperaturun anidən aşağı düşməsi nəticəsində fara içindəki istiliyin artması ilə də meydana gələ bilir. Fara daxilində istilik artdığı üçün içəridəki nəm şüşəyə doğru yayılır. Nəmlilik nisbəti artıb doyma nöqtəsinə çatdığı zaman fara içində nəm soyuq hissədə toplaşmağa başlayır və beləliklə buğ əmələ gəlir.

Bu buğun öz-özünə getməsi üçün uzaq və yaxın (dalni-blijni) işıqları yandırıb saxlayın. İsti havanın fara içindən çıxması üçün faranın müxtəlif yerlərində hava deşiklərinin açıq olmasını yoxlayın. Çünki hava sirkulyasiyası olmadığı zaman belə buğlanma yaranır. Hava dövriyəsi əla dizayn edilmiş farada belə buğlanma ola bilər ancaq qısa zaman sonra öz-özünə yox olub gedər. Fara gövdəsində çat varsa yenə buğlanma əmələ gələ bilir.