Yeni Mercedes G-Class w464. Hansı yeniliklər var?

Yeni Mercedes G-Class w464. Hansı yeniliklər var?

İstehsal edildiyi 1972-ci ildən bu yana Mercedes G-Class w463 kodlu gövdə ilə 2018-ci ilə qədər 3 dəfə Facelift edilərək (üz görünüşünə xırda toxunuşlar verməklə) gəlib çıxmışdı. 4-cü dəfə Facelift etmək məqsədə uyğun olmadığı üçün Mercedes dizaynerləri artıq w464 kodlu gövdəni ərsəyə gətirməli oldular.



Ötəri nəzər saldığımız zaman görərik ki, soldakı köhnə baza G-Class ilə sağdakı yenisi arasında ilk gözə çarpan fərq çox da görünmür. Faralar, palçıqlıq üzərinə quraşdırılmış dönmə işıqları, radiator barmaqları hardasa eyni görünür. Ancaq xırda detallar çox fərq yaradır. Misal üçün, ön bamperdəki hava girişləri artıq daha qısa və geniş şəkildə dizayn edilib. Bu dəyişikliyin SUV-a daha geniş görkəm verdiyi düşünülür. LED gündüz işığı da faranın içinə yerləşdirilərək qarmaşıq görüntünün qarşısını alıb. Şüşə silənlər köhnə yerinə görə biraz da aşağı salınıb. Yan basamaqlar da daxil olmaqla, metal əlavələrin hər biri paslanmaz poladdan hazırlanıb. Yeni G-Class sələfindən 50 mm daha uzun, və 120 mm daha genişdir. Bu dəyişikliklər salonda özünü göstərərək daha geniş olmasına gətirib çıxardı. Yeni G-də 3 ədəd elektronik diferensial kilidi var. Ön asqılar tamamilə sərbəst asqılar olub, 70 sm su yığınından rahatlıqla keçə bilir.



Yuxarıdakı fotolardan göründüyü kimi yeni G-Class çox dəyişiklik keçirməyib. Mercedes bu hissədə kəskin olan xətləri bir miqdar yuvarlaqlaşdıraraq birləşmələr arası məsafəni bütünləşmiş kimi göstərən dizaynla ortaya çıxmışdır. Qapıların küncləri belə kəskin xətlərdən azad olaraq modern görkəmə sahib oldu. Bamperlərin aşağı hissəsi 1 dərəcə bükülərək maneəyə yaxınlaşma dərəcəsi 31 dərəcəyə qaldırıldı.



Xarici görkəmdə böyük dəyişiklik olmasa da salonda demək olar ki, eyni qalan tək şey tavandakı əl tutacaqları oldu. Yəni salon başdan sona yeniləndi. Mercedes mühəndis və dizaynerləri salona tamamilə texnolojik bir görüntü bəxş ediblər. Ümumi olaraq salon uzunluğu +101 mm, genişliyi +121 mm, yüksəkliyi +40 mm artmış oldu. Ön konsolun üstündəki 12.3 dyümlük sensor məlumat-əyləncə ekranı artıq Yeni E və S-Class modellərində gördüyümüz kimi sürət paneli ilə birləşərək böyük ölçüyə sahib olmuşdur. Bu sayədə "sonradan taxılmış" görüntüsündən qurtularaq, keyfiyyət və dizayn mənasında artış göstərdi. Təyyarə mühərriki turbinlərinin dizaynını üstün tutaraq havalandırma kanallarını həmin üslubda yenidən dizayn etdilər. Metallik düymələr də buna ayrıca gözəllik qatıb. Ən keyfiyyətli Nappa dəridən hazırlanmış oturacaqlar sizi daha güvəndə hiss etdirir və istəyə görə təmin edilə bilən masaj funksiyası ilə şəhərdə olduğu kimi, şəhərdən kənarda da rahatlıq bəxş edir. Oturacaqların yan hissələri sürüş dinamikliyindən asılı olaraq daima dolub-boşalan hava yastıqları ilə təmin edildiyi üçün, sərt döngələrə belə girdiyiniz zaman əks tərəfdən oturacağın yastığı şişərək sizin hərəkət etməyinizin qarşısını alır, diskomfort hissini aradan qaldırır.



Yeni G-Class sadəcə Off-Road ərazidə bacarıqlı deyil. Off-Road olan bu avtomobil özünü asvalt yolda da dinamik və komfortlu apara bilir. Off-Road rejimlərinə Qum, Yol və Qayalıq rejimləri aiddir. Yola uyğun olaraq bunu özünüz seçə bilərsiniz. Yeni COMAND musiqi, əyləncə və naviqasiya sistemi, sürücüyə hər sürüşdə Burmester Surround səs sistemi ilə ən üst səs keyfiyyətini verir. 15 ədəd yüksək performanslı dinamiklər ümumi 590 watt çıxış gücünə sahib 10 kanallı elektronik akustik avadanlıqlarla birgə çalışaraq birinci sinif Burmester səsini təmin edir. 64 fərqli rəngə sahib salon aydınlıq sistemi bu komfortu daha yüksəklərə daşıyır.



Əvvəlki 5.5 Bi-Turbo V8 mühərrikin yerini 4.0 Bi-Turbo V8 mühərriki aldı. Turbolar artıq silindir yuvalarının çölünə yox, "V" silindirinin içinə yerləşdirildi. Üstünlüyü: kompakt mühərrik dizaynı, turboların öz-özünə verdiyi reaksiya və motorun yaxınlığındakı katalizatora optimal hava axımı sayəsində aşağı səviyyəli emissiya dəyəri. Mühərrikin daha ekonomik olması üçün 4 silindirin işini dayandıran sistem əlavə edildi. Yəni ehtiyac duyulmadığı zaman 2-3-5 və 8-ci silindir hərəkətsiz qalır və bu da yanacaq sərfiyyatına ciddi dərəcədə kömək edir. Mühərrikin 4 ilə 8 silindirli işləməsi arasındakı keçid çox sürətlidir, hətta onu hiss belə edə bilməzsiniz.



AMG SPEEDSHIFT TCT 9G transmissiya Sport və Sport Plus rejimlərində qoşa pillə funksiyasını açaraq daha cəld tərpəniş etməyə imkan verir. Bütün rejimlərdə G63, dinamik sıçrayışla hərəkət edə bilməsi üçün hər zaman 1-ci pillədə hərəkət edər. "Mexaniki" rejimi seçdiyiniz zaman sükan arxasında olan -/+ qənədləri ilə keçidləri özünüz edirsiniz. Transmissiya siz seçdiyiniz pillədə qalır və mühərrik dövrü maksimum limitə çatsa belə avtomatik olaraq yuxarı pilləyə keçməz.



4x4 sisteminin paylanması əvvəlki modeldə 50:50 nisbətində idi. Yeni G-Class bu nisbəti öndə 40, arxada 60 ölçüsündə tənzimləyir. Bu konfiqurasiya avtomobili yolda daha çevik edir və sürətlənmə cəhətdən daha yaxşı nəticə verir. Ötürücü qutunun kiçilmə nisbəti 2.1-dən 2.93-ə yüksəldildi. Bu sayədə təkərlərə gedən dövr önəmli ölçüdə artdığı üçün yoxuş yuxarı qalxma daha rahat gerçəkləşir. Bunu loru dildə belə izah edə bilərik: Velosipedi yoxuş yuxarı qalxdığınız zaman dişlini ən kiçik mövqeyə gətirməsəniz ayaqlarınıza düşən yük çox olacaq, hətta qalxa bilməyəcəksiniz. Transmissiyanın da kiçilmə nisbəti nə qədər çox olsa aşağı dövrdə yuxarı güc əldə etməsi artdığı üçün ağır yoxuşları rahat qalxmaq mümkün olacaq. Bu rejim sadəcə 40 km/s sürətə qədər aktiv olur.



Ön və arxa faralar yüksək performanslı LED texnologiyası əsasında yaradıldı. Bu işıqlandırma daha az enerji sərf edir və daha uzun ömürlüdür. MULTİBEAM LED faralar digər sürücülərin gözünü qamaşdırmadan yolu daha aydın işıqlandırır. Bunu 84 ədəd ayrı-ayrı kontrol edilən yüksək performanslı LED modulları həyata keçirir. Bütün yol iştirakçıları üçün bu sistem təhlükəsizliyi təmin edir. Təkmilləşdirilmiş duman işığı funksiyası ilə bu texnologiya sürücü tərəfdəki ön faranın daha aktiv işıqlanmasını təmin edir. Nəticədə yol səthinin aşağı yarısı daha parlaq şəkildə aydınlanır və duman nəticəsində əks olunan işığın parıltısı azalır. Bu təkmilləşmiş sistemə görə digər güclü markalar kimi Mercedes də duman faralarını aradan qaldırdı.



Yeni G-Class texniki göstəriciləri ilə tanış olaq:

• Brabus 800 - Motor 4.0 Bi-Turbo / V8 / 800 HP / 1000 Nm / 0-100 = 4.1 saniyə / max sürət 240* km.h / trasda 11.1, şəhərdə 16.5 L / ötürücü tam / 9 pilləli 2 muftalı sport robot transmissiya / uzunluq 4825 mm, eni 2031 mm, hündürlük 1969 mm, yerdən hündürlük 241 mm, təkər bazası 2890 mm / təkər ölçüsü 305/35 R23 / ağırlıq 2485 kq / yanacaq tutumu 75 L

• G63 AMG 2019 - Motor 4.0 Bi-Turbo / V8 / 585 HP / 850 Nm / 0-100 = 4.5 saniyə / max sürət 220* km.h / trasda 11.1, şəhərdə 16.5 L / ötürücü tam / 9 pilləli 2 muftalı sport robot transmissiya / uzunluq 4825 mm, eni 1931 mm, hündürlük 1969 mm, yerdən hündürlük 241 mm, təkər bazası 2890 mm / təkər ölçüsü 275/50 R20 / ağırlıq 2485 kq / yanacaq tutumu 75 L / baqaj 667/1941




Rəylər

Oxşar məqalələr

2017 Opel İnsignia B

2017 Opel İnsignia B

1937 Mercedes 540K W29

1937 Mercedes 540K W29

2019 Subaru İmpreza WRX STİ

2019 Subaru İmpreza WRX STİ

Yeni Supercar Koenigsegg Jesko

Yeni Supercar Koenigsegg Jesko

Yeni Pickup Mercedes X Class

Yeni Pickup Mercedes X Class

2008 Hyundai Sonata NF

2008 Hyundai Sonata NF

4x4 Lada Niva 2121 Tarixçə

4x4 Lada Niva 2121 Tarixçə

2012 Nissan Maxima A35

2012 Nissan Maxima A35