Amerikanka, Yaponka və Nemka arasında fərq nədir?

Amerikanka, Yaponka və Nemka arasında fərq nədir?

Avtomobillərin istehsal edilib satışa gedə bilməsi üçün qitələr arası müəyyən standartlar var və istehsalçı şirkətlər bu standartlara əməl etməyə məcburdurlar. Amerika standartları Avropa standartlarından daha yüksəkdir. Yəni avtomobilin testləri zamanı müəyyən 10 standart varsa, Amerikan modellərində 10-dan artıq standart tələb olunur. Misal üçün aşma testi, güc testi və s. Amerikan avtomobillərində çox nadir hallarda mexaniki transmissiya olur. Böyük ehtimalla maşınların salonu tam dolu (full salon) və komfortu daha yüksək olur. Salonda mexaniki kondisioner tapılmaz, ancaq klimat kontrol istəyərlər. Amerikalılar nikel (xrom) işləmələri çox sevirlər. Diqqət etmisinizsə maşınların disklərini də xrom xoşlayırlar. Ona görə amerikanka modellərdə bər-bəzək avadanlığı daha çoxdur. El arasında amerikanka işıq dediyimiz termin də buradan gəlir, yəni faralarının kənarında gecə üçün öndə sarı, arxada qırmızı işıq yanır. Buna “Side Markers” deyirlər. Əsas məqsədi gecə vaxtı avtomobilin tam ölçüsünün görülməsini artırmaqdır. Avropada belə bir məcburi standart olmadığına görə avtomobil şirkətləri istehsal xərclərini azaltmaq üçün bu işıqlardan istifadə etmir. Volvo kimi təhlükəsizliyi öndə tutan şirkət isə Amerika və ya Avropa fərq etmədən bütün modellərində bu işıqlardan istifadə edir.



Arxa duman işıqlarında da fərqlər var. Amerikan modellərində arxa fənərlərdə duman əleyhinə işıq olmur. Çünki Amerikadakı stop lampalarının işıq gücü parlaqlıq cəhətdən Avropadakı stop lampasından daha yüksəkdir. Amerikadakı stop işıqları daha güclü yandığı üçün arxada duman lampası ehtiyac deyil. Bunların hamısı kiçik xərclərin aradan qaldırılması üçün planlaşdırılmış işlərdir. Digər fərq isə arxa dönmə işıqları avropada mütləq sarı yandığı halda, Amerikada İnfiniti kimi modellərdə arxa dönmə işıqlarının qırmızı rəngdə yanmasıdır. Qırmızı dönmə işığı çox zaman əyləc işığı ilə qarışdırıldığı üçün arxadan vurulma qəzaları 22% çoxluq təşkil edir. Avropada qırmızı dönmə işıqları qəbul edilmir.



Avropa versiyaları daha güclü idi. İzah edim. Misal üçün vaxtı ilə Amerika və Avropada satılan 2.9 motor DeLorean modelinin Amerikankası 300 at gücündə idisə, eyni modelin Avropa versiyası 342 at gücündə idi. Səbəbi isə Amerikada tətbiq olunan emissiya dəyərləri (azot tullantısı) miqdarına limit qoyulması idi. İstehsalçı da bu limiti aşmamaq üçün məcburən motor həcmini eyni saxlayıb at gücünü azaldaraq bu dəyərləri aşmadı. Başqa misal da çəkim. 190 kimi tanınan modelin Avropa bazarında 1.8-2.0 motoru varsa Amerikada bu motoru heç kim sürməz deyə satışa getmədi. Amerikada aşağısı 2.3 və 2.6 motor 190E olub. Avropada da 2.6 var ancaq nadir hallarda həvəskarlar alıb sürürdü.



Mercedes, Bmw, Audi kimi qlobal keyfiyyəti olan avtomobillərin populyar modellərində bu fərqlər ciddi dərəcədə olmaya bilər. Yəni xrom işləmələr, ölkənin hava və yol sisteminə uyğun temperatur və sürət göstəricisinin km/mil göstəriş sistemi, kvadrat nömrə yeri və s. Ancaq bəzi modellərində asqı sistemi (amartizator), şassi, yanacaq çəni qoruması, gövdə birləşmələri, şüşələrin işığı qırma qatları və s. Avropa 1990-cı illərdən bu yana standart baxımından inkişaf etdikcə aradakı fərqlər getdikcə azaldı. Faralarda da fərqlər olub. Avropa modelinin faraları döngəsi çox olan, iki yönlü, dar yollar için uyğunlaşdırılmışdır. Yol kənarı işarələri daha yaxşı işıqlandırır. Amerikan farası isə uzağı işıqlandırmaq və simmetriya cəhətdən optimallaşdırılmışdır. Daha çox yol üzərində olan işarələri güclü işıqlandırır. Bunlar o qədər də problem yaradacaq fərqlər deyil. Əsas fərqlər təhlükəsizlik, asqı sistemi və əyləc sistemlərindədir. Misal üçün, sport modellərdə Amerikada “əyləcə basıldığı zaman maşının arxası havaya qalxmasın” kimi standart varsa Avropada belə bir şərt qoyulmur. Ona görə Avropada sport model üçün asqılar daha da sərtləşdirilir ki, digər rəqiblərindən geri qalmasın. Mercedes və Bmw-də qitələr arası fərqlər nisbətən azdır. Çünki imkanları daxilində onsuz da ən yaxşısını istehsal etməyə çalışırlar. Amma nisbətən ucuz modellərdə fərqlilik çox olur. Misal üçün Opel modelini Amerikaya olduğu kimi satmaq üçün standartlar yol vermir. Bunu ya Chevrolet adı ilə, ya da Buick adı ilə daha təkmilləşmiş variantda satışa çıxarmaq lazımdır. Ona görə də eyni modelin ölkədən asılı olaraq 2-3 adı meydana gəlir.



Amerikada metallurgiya və ehtiyyat hissəsi daha inkişaf etmişdir. Misal üçün şüşələrdə dairəvi xırda-xırda ləkələnmələr Avropa modellərində var idi. Ancaq Amerikan istehsalı LOF, PPG markalarında belə ləkələnmələr olmaz. Bu günün texnologiyası ilə hazırda Avropada da bu problem azaldılıb ancaq tam yox edilə bilməyib.



Yaponka kimi tanınan Yaponiya üçün istehsal edilən modellərdə də fərqlər eyni ilə belədir. Onların da standartları fərqlidir. Ancaq çox vaxt sükanları sağdan-sola keçdikləri üçün Avropa ölkələrində o qədər də sevilmirlər. Orijinal sol sükan olan modelləri də var ancaq az saydadır. Mənfi cəhətləri çoxunun suyun altında qalmış olması, Avropa temperatur sisteminə uyğun gəlməməsidir. Dubay versiya modellər isə ərəblərin istifadə qaydasının çox kobud olmasına görə sevilmir. Məqaləni aşağıdakı düymələr ilə dostlarınızla paylaşmağı unutmayın.