Sepli və Qayış motor arasındakı fərq nədir? Hansı daha üstündür?

Sepli və Qayış motor arasındakı fərq nədir? Hansı daha üstündür?

Motoru dövr etdirən əsas hissə qayış (remen) və ya sepdir. Hər ikisinin də vəzifəsi kolenvaldan aldığı hərəkəti klapan millərinə ötürərək klapanların zamanında açılıb bağlanmasını həyata keçirməkdir. Həmçinin avtomobil modelindən asılı olaraq soyutma sisteminin pompasını da bu hissələr hərəkətə gətirir.



Əvvəla iç remen haqqında yazım. Azərbaycan dilinə tərcümə ediləndə remen dediyimiz bu detalın adı “zamanlayıcı qayış” kimi tərcümə olunur. Çünki qayışın əsas iş prinsipi dönən valdan (kalenvaldan) aldığı hərəkəti tam vaxtında zamanlama dişlisinə ötürərək klapanların düzgün zamanda açılıb-bağlanmasını təmin etməkdir. Qayış sistemə taxılmadan öncə həm zamanlama dişlisi üzərində, həm də kolenval dişlisi üzərində istehsalçı tərəfindən işarələnmiş hissələr eyni hissəyə tutuşdurulur. Bu işarələr düzgün nizamlandıqdan sonra klapanlar düzgün zamanda açılıb bağlanır. Yanlış quraşdırılan zaman klapanlar porşen ilə vaxtsız görüşür və nəticədə motor vurur, klapanlar əyilir.



Elə firma var ki, qayış üçün 5 il və ya 60.000 km, bəziləri isə 5 il və ya 90.000 km zəmanət verir. Düşünə bilərsiniz ki, 5 il ərzində tutaq ki, 30.000 km sürmüsünüz amma “60.000 km-ə çatmayıb biraz da sürüm”. Belə olmaz, verilən 5 il zəmanət rezinin istismar müddətidir. İstifadə olundu ya da olunmadı onun ömrü artıq bitib, rezində quruma gedib. Bu kimi şeylərə diqqət etməsəniz qayışınız sizi yolda qoyacaq, yəni qırılacaq və klapanlarınız sıradan çıxacaq. Beləliklə motordan-motora fərqli olaraq xeyli ziyana düşəcəksiniz. Remen qırılanda klapan əymək məsələsi təkcə Ecotec motorlarda olmur. Pajero kimi dakar rallisində 12 dəfə qalib olan çox dözümlü avtomobildə belə remen qırılanda klapan əyilir. 8v (8 klapan) kimi tanınan az sayda motorlarda remen qırılanda klapan əyilmir. Remen motor Sep motora nisbətən daha səssiz işləyir. Remenin dəyişilməsi o qədər də baha başa gəlmir, hətta sep sisteminin dəyişilməsindən qat-qat ucuz başa gəlir.



Bəzi hallarda ustalar sürücüyə hər dəfə ümumi sistemi, yəni komplekt remen dəyişməyi məsləhət görür. Hamısı birlikdə misal üçün 120 Azn tutur. Maddi imkanı olmayan sürücülər üçün ustalar çox vaxt sırğalarda səs yoxdursa təkcə remeni dəyişməyi təklif edir. Əgər ustanız məsləhət bilsə ki, "sırğalar artıq səs edir bu dəfə komplekt dəyişək" bəli bu zaman riskə getmədən komplekt dəyişin.



Təp-təzə də olsa qayış alarkən qayışın üzərindəki istehsal tarixinə nəzər salın. Şəkildə işarələdiyim onu bildirir ki, bu remen 2004-cü ildə istehsal edilib və 2005-2006-2007-2008-ci illər daxilində istifadə oluna bilər. 3-32 isə ay və həftəsini bildirir. Bu remen 2008-dən sonra yep-yeni də olsa yararsız sayılır. Remen ömründəki il söhbətini heç kim heç yerdə demir və bir çox sürücü də bunu bilmədiyi üçün satıcı onu aldadır. 10.000 km sürmədən remen qırılır və motor dağılır. Avtomobilə baxan deyilsinizsə və motor yığdırmaq kimi problemlərlə üzləşməmək üçün sadə motorlu 8v (8 klapan) avtomobil alın ki, remen qırılanda klapan əyib xərcə salmasın. Amma bildirim ki, 8v motor zəif motordur.



Bəs Remeni vaxtından əvvəl nə sıradan çıxardır? Yüksək dövrlərdə qazladıqda, ani sürətlənmələr etdikdə, misal üçün 4-cü pillədə gediyiniz yerdə anidən 2-yə verdikdə, üstü açıq qalıb su ilə təmas etdikdə və sırğaları uzun zaman dəyişmədikdə remen daha tez sıradan çıxır. Çünki sırğalarda nasazlıq olanda şariklər (poçemniklər) iş vaxtını doldurduğu üçün yerində düzgün fırlanmır, oyan-buyan səndələyərək işlədiyi üçün təzələdiyiniz remeni içəridən və çöldən yeməyə başlayır və remenin ipləri vaxtından əvvəl sıradan çıxıb qırılır. Əgər remeninizdə çatlar və ya didilmələr görürsünüzsə vaxt itirmədən dəyişməyiniz məsləhətdir. Remen -30 °C ilə +140 °C arasında normal işini davam etdirir.



İndi isə Sepli motor haqqında məlumat verim. Sep sisteminin remen sisteminə görə üstünlüyü daha uzun ömürlü olmasıdır. Remen motorda olduğu kimi Sepli motorda da zaman keçdikcə Sep köhnəlir, aşınır hətta qopa bilir. Sepin dəyişilmə müddəti 6 il və ya 100-150.000 km arası təyin edilir. Qeyd edim ki, markadan-markaya asılı olaraq rəqəmlər dəyişə bilər. Əsas diqqət edilməli məqam Sepi dəyişərkən mütləq orijinal detallar qoyulmalıdır. Əks halda qısa müddət ərzində problemlər qaçılmazdır. Sep sisteminin yenilənməsi remen motora nisbətən baha başa gəlir. Remen motorlarda olduğu kimi Sepli motorda da sepin qırılması zamanı bütün motor alt-üst olur, klapanlar əyilir və s. Sepli motorun Remen motor kimi səssiz işləməsini gözləməyin. Sepli motorda sıxma sırğası olmur. Bu işi motora tökülən yağ reallaşdırır. Yağın göstərdiyi təzyiq nəticəsində hidravlik itələyicilər sepi sıxır. Yağ keyfiyyətsiz olduqda və ya uzun müddət dəyişilmədiyi zaman sep tam sıxılmır və boş halda fırlanmağa başlayır. Belə olduqda sepin hər kiçik dolağı 1 mikron uzanır. Bu rəqəm sizə çox-çox kiçik görünə bilər. Amma hər dolaqda 1 mikron uzanmanın olması ümumi Sepdə böyük miqdarda uzanma deməkdir. Belə olan halda kalenval ilə zamanlama dişlisinin rejimi pozulur, dişli yarım dövr qabağa tullayır və Xoşbəxt Son...Yenə klapanlar əyildi.



Sepin uzanması dərdi dizel motorlarda daha çox problem yaradır, çünki dizel motorlarda porşenin sıxışdırma-partlama məsafəsi daha az olduğu və porşenlərin klapanlara benzin motora nisbətən daha yaxın yerləşdiyi üçün bütün porşenlər sıradan çıxır. Uzanma problemi daha çox Sepi uzun motorlarda olur. Dəyişilməyə ehtiyac duyan zincir əvvəlcə az-az metal səsi verir, sonralar bu səs kobud şəkildə hiss olunur və vaxtı çatanda qırılır. 120.000 km müddəti olsa da çox vaxt 80.000 km-də dəyişilməsi məsləhət görülür.