2003-2010 Bmw 5 E60 tarixçəsi

2003-2010 Bmw 5 E60 tarixçəsi

Bmw 5 seriyasının 5-ci nəsli sedan bazada E60, universal bazada E61 (Touring) adlandırıldı. 2003-dən 2010-cu ilə qədər istehsal edildi və çox halda E60 adı ilə tanındı.

E60 nəsli iDrive məlumat-əyləncə sistemi, ön şüşəyə məlumat əks etdirici ekranı, aktiv sürət tənzimləyici, aktiv sükan, tənzimlənən faralar, gecə görüş sistemi, yol zolağından çıxma xəbərdarlığı və səs kontrolu daxil olmaq üzrə çeşidli yeni elektronik özəllikləri özündə cəmləşdirdi. E60, turbogücləndirməli benzinli mühərrikə, 6 irəli avtomatik transmissiyaya və regenerativ əyləcləməyə sahib ilk 5-ci seriya idi. Seriyanın ən güclü versiyası olan M5 modeli 2005-ci ildə təqdim olundu və gücünü S85 V10 mühərrikdən aldı. E60 gövdəsi V10 mühərriklə satılan ilk və tək M5 modeli idi. Seriyanın çoxunda 7 pilləli SMG 3 transmissiyası istifadə olunurdu. Bu transmissiya 65-250 millisaniyədə pillə dəyişməyə imkan verirdi.

2003-də 6 pilləli SMG 2 transmissiya bəzi bazarlarda 525i, 530i, 545i və 550i modellərində bir seçim olaraq təqdim edildi. Digər variantlarda isə 6 pilləli mexaniki və 6 pilləli sadə avtomatik transmissiyalar alıcılara təklif edilirdi.



E60-ın təkmilləşdirmə proqramı 1997-də başlanıb 2002-də sona çatdı. Baş dizayner Boyke Boyer idi. E60 sedan, avropada 5 İyul 2003-də, Şimali Amerikada 2003-ün Oktyabrında satışa çıxarıldı. 2004-ün sonlarında Touring modeli təqdim edildi.

E60-ın gövdəsində avtomobilin ön hissəsi üçün alüminium, sərnişin kabini və arxası üçün polad material istifadə olunaraq istehsal edildi. Sedan üçün boş ağırlıq 1545-1725 kq, Universal üçün 1675-1830 kq oldu. Ağırlığın paylanma nisbəti Sedan gövdədə 50:50 idi.



iDrive məlumat-əyləncə sistemi bütün E60 modellərində standart olaraq mövcuddur. Standart olaraq 6.5 dyümlük LCD ekran, Bluetooth dəstəkli telefon zəng sistemi, səs kontrolu və avtomobil tənzimləmələri mövcud idi. İstəyə görə özəlliklər arasında 8 dyümlük LCD ekran, uydu naviqasiyası və DVD video dəstəkləyici yer alırdı.

E60 üçün təcili kömək zəng sistemi də mövcud idi (Bmw Assist). Bu sistem servis zamanı gəldiyində sürücünü məlumatlandıraraq seçmək istədiyi Bmw servis mərkəzi haqqında onu tanış edir və servislə əlaqə saxlayaraq kömək edirdi.

E60-da olan digər özəlliklər arasında aktiv sürət tənzimləyici, Bi-Xenon faralar, run-flat təkərlər, aktiv döngə tarazlıq çubuqları, head-up display (məlumatı ön şüşəyə əks etdirən panel) və aktiv sükan var idi. Təhlükəsizliklə bağlı sistemlər arasında dinamik tarazlayıcı kontrolu (DSC), tənzimlənə bilən faralar və gecə görüş sistemi mövcuddur. Açarsız giriş, LED arxa fənərlər, yol xəttindən ayrılma barədə xəbərdaredici sistem də bunlara əlavə idi.

E60, 5-ci seriyanın istehsalından 22 il sonra orta konsolun sürücüyə doğru əyilmədiyi ilk 5-ci seriya oldu. Ancaq özündən sonra gələn F10 seriyasında orta konsol yenidən sürücüyə doğru əyimli istehsal edildi.



E60 nəslinin M5 modeli 2005-də təqdim edildi, sedan və universal gövdə stillərində istehsala başlandı. E60 M5, 7750 rpm-də 500 at gücü, 6100 rpm-də isə 520 Nm fırlanma gücü hasil edən və 8250 rpm qırmızı xəttinə sahib olan Bmw S85 V10 mühərriklə satışa çıxdı. 0-dan 100-ə qədər sürətlənmə aralığı cəmi 4.7 saniyədir.

E60 M5-lərin çoxu avtomatikləşdirilmiş mexaniki transmissiya olan SMG 3 robot transmissiyası ilə satıldı, ancaq ABŞ-da 6 pilləli mexaniki transmissiyaları da mövcud idi. E60 M5-in toplam istehsalı 19.523 sedan və 1.025 universal gövdədən ibarət idi.



2005-in fevral ayında özəl versiya olaraq Alpina B5Alpina B5 S modelləri sedan və universal stillərində istehsal edildi. Bu versiyalarda istifadə olunan mühərrik 545i modelində olan 4.4 L V8 N62 mühərrik idi. Bu mühərriyi gücləndirmək üçün mərkəzdənqaçma Turbo (centrifugal) sistemindən istifadə etdilər. Bu turbonu mühərriyin dirsəkvari valının dişlisi ilə (crankshaft) qayış vasitəsilə birləşdirdilər. Beləliklə Alpina B5 üçün nominal güc çıxışı 493 at gücü, B5 S üçün 523 at gücü müəyyən edildi. Hər iki modeldə də normal E60 modellərində istifadə olunan ZF 6HP26 kodlu 6 pilləli hidravlik avtomatik transmissiya quraşdırılıb.



2005-də Frankfurt avtomobil sərgisində zavod tərəfindən zirehlənən Security modelləri təqdim edildi. İş adamları və üst səviyyə hökumət nümayəndələrini qorumaq üçün istehsal edildilər. Ballistik Polad, Aramid, Polietilen və 21 mm polikarbonat qatmanlı şüşə sayəsində, VPAM-ın gülləyə qarşı avtomobil siyahısında VR4 səviyyəsində sertifikat aldı. Zirehli hissələrə bütün sərnişin kabini, akkumulyator terminalları və mühərrik kontrol hissələri daxildir. Zireh 44 kalibrlik Magnum silahından edilən atışlara davamlıdır.

"Security" modelləri yüksəldilmiş asqı və əyləc sistemləri ilə 530i, 550i modellərinin mexaniki hissələrindən hazırlandı. Bu modellərin istehsalı Bmw-nin Dingolfing zavodunda başlasa da, avtomobillərin zirehinin hazırlandığı Meksika, Toluca-dakı xüsusi mərkəzdə son quraşdırmaları həyata keçirildi. Bu model 550i və 530i bazasında istehsal olundu. 550i Security sadəcə 6.5 saniyədə 100 km/s sürətinə çatırdı. 550i və 530i modellərinin ikisi də 240 km/s maksimal sürətdə elektronik olaraq limitləndirildilər.

Normal avtomobildə qapı kilidləri və tutacaqları, B sütunundakı kabel oyuqları, şüşədən metala keçən birləşmələr çox vaxt zəif nöqtələr olur. Bmw 5 seriyası E60 Security bu bölgələri güllələrin içindən keçə bilməyəcəyi şəkildə gücləndirdi. Təhlükəsiz təkərlər partlamış və ya havası tam boşalmış olsa belə, avtomobil tam yüklü də olsa onun 80 km/s sürətlə 50 km məsafə getməsinə icazə verir. Alıcının tələbinə görə radiator setkasına inteqrasiya edilmiş siqnalizasiya və sayrışan LED işıq sistemi əlavə oluna bilirdi. Əlavə zirehlənmənin çəkisi 250 kq idi və bunlar böyük ölçüdə dözümlü, ancaq yenə də yüngül ağırlıqda olan materialdan hazırlanmışdır. Ayaqaltı boşluqları və kənarları kimi kritik nöqtələrdə paslanmaya qarşı dayanıqlı xrom-nikel poladdan istifadə olundu. Sifarişə əsasən alt gövdəyə partlayıcı maddələrdən qoruma zirehi də əlavə oluna bilirdi. Kənardan baxılan zaman zirehli E60 sadə E60-lardan fərqlənmirdi, çünki müştərilər öz anonimliyini qorumaq istəyirdi.

Avtomobilin şassisi əlavə ağırlığa mükəmməl şəkildə uyğunlaşdırıldı. Bu məqsədlə yaylar və amartizatorlarla yanaşı, yüksək performanslı əyləc sistemi də quraşdırıldı. Mühərrik bölməsindəki elektronik qutusu, ekstremal şəraitdə belə işləməsi üçün aramid panellərlə qorundu. Avtomobildə standart olaraq interkom və panika siqnalizasiya sistemi mövcud idi. Beləliklə qapı və şüşələri açmadan avtomobil ətrafındakı insanlarla danışmaq mümkün idi.

Bmw gecə görüş sistemi bu modeldə daha yüksək təhlükəsizlik dərəcəsi təmin etdi. Bu sistem 300 metr irəlidə yolun kənarında dayanan insanları, heyvanları və cismləri mərkəzi kontrol ekranında göstərə bilən terman kamera ilə təchiz edilmişdi. Beləliklə sürücünün adi vaxtda görə bilməyəcəyi təhlükələri qabaqcadan görməsinə kömək edirdi. Dizayn özəllikləri və təhlükəsizlik sistemləri sayəsində, bu avtomobil dünyanın ən güvənli avtomobillərindən biridir.



E60 seriyasının yalnız Çin üçün istehsal olunan uzun təkər bazasına sahib modelləri arasında 520Li, 525Li və 530Li var idi. Təkər bazasının uzunluğu 2890 mm-dən 3030 mm-ə qaldırıldı. Artan bu 4 sm uzunluq arxada oturan sərnişinlərin diz məsafəsində üstünlük təşkil etdi.



Öndən toqquşma zamanı Euro NCAP qəza testindən yaxşı nəticə alsa da, yandan toqquşma zamanı sərnişinlərin qabırğasının qırılma ehtimalının yüksək və iç orqanların dağılması ehtimalının qaçılmaz olduğunu nəzərə alaraq 2003-2007 E60 cəmi 3 ulduz ala bildi. Bunu nəzərə alan Bmw şirkəti, 2007 May ayından sonra istehsal olunan modellərində yan zərbə təhükəsizliyini təmin etmək üçün dəyişikliklər etdi. Bundan sonra yenidən testə salınan E60 seriyası 5 ulduz ala bildi.



Facelift edilmiş E60 seriyası 2007-nin Sentyabr ayından təqdim olundu. Bu yeni dəyişikliklər nisbətən incəliyə doğru yönəlmişdi. Yenidən əldən keçirilmiş ön və arxa faralar, bamperlər dəyişdirildi. İnteryer nəzərə çarpacaq dərəcədə dəyişdirildi. iDrive sistemi indi proqramlaşdırıla bilirdi, səs sistemi üçün tənzimləmə düymələri və sabit diskli DVD təchiz edildi.

Mexaniki olaraq E60 Facelift 5-ci seriyası mühərrik və transmissiyaları E70 X5-dən aldı. Avtomatik transmissiyalı modellərdə M5 də olan pillə dəyişdirici qollar sadə 5 seriyasında da ilk dəfə mövcud oldu. Aktiv sürət tənzimləyici sistem təkmilləşdirilərək avtomobili tam dayandıra və yenidən avtomatik olaraq hərəkətə gətirə bilirdi. Yenilənmiş E60 regenerativ əyləcləmə özəlliyinə sahib ilk Bmw oldu.



E60 M5 modelində istifadə olunan əfsanə S85 mühərrik atmosferik idi, yəni heç bir Turbo qidalandırıcıdan dəstək almırdı. Bu mühərrik həm Bmw-nin ilk və tək V10 mühərriyi, həm də seriya istehsal olunan sedanda quraşdırılan ilk V10 mühərrik idi. Bu mühərrik normal istehsal olunan Bmw mühərriyi ilə əlaqəli olmayıb, Formula 1 yarış avtomobillərindən ilhamlanaraq yaradılmışdır.

S85, Bmw-nin ilk V10 mühərriyi olduğu üçün mühərrik kodlaşdırmasında yeni seriya verilməli idi. "60" kodları V8 mühərrikləri üçün, "70" kodları isə V12 mühərrikləri üçün istifadə olundu. "80" kodlarında V12 mühərriyə nisbətən daha az silindir olmasına baxmayaraq V10 seriya 80 kodlaşdırmalarında qərarlaşdırıldı.

5.0 V10 S85 mühərrikdə silindir başına 4 klapan düşürdü və mühərrik qoşa Vanos idi. Mühərrik bloku və silindir qapağı alüminiumdan hazırlanmışdır. Bu mühərrik atmosferik olaraq istehsal edilmiş mühərriklər arasında ən yüksəkləri arasındadır və hər Litr başına 100 at gücü düşür. Mühərriyin ağırlığı 240 kq-dır.

Mühərrik dəfələrlə mükafata layiq görülmüşdür. 2005-də ilin ən yaxşı performans mühərriki, 2006, 2007, 2008-də də yenidən 4.0 L-dən yuxarı mühərriklər arasında ilin ən performanslı mühərriki seçilmişdir. Bu mühərriki E60/E61 M5, E63/E64 M6 və Wiesmann GT MF5 modelləri istifadə etmişdir. Wiesmann modelinin çəkisinin az olmasına görə, bu güclü 5.0 V10 mühərriklə birgə 100 sürətini 3.9 saniyəyə yığa bilirdi.



E60 seriyasında şirkət E39 dan sonra fərqli ön fara dizaynına keçmişdi. Ancaq F10 seriyasında yenidən əvvəlki dizayna geri döndülər. 2010-cu ilin Yanvar ayından E60 seriyasının davamçısı kimi Bmw 5 F10 seriyasının istehsalına başlandı.



• M5 - Motor 5.0 / V10 / 500 HP / 520 Nm / 0-100 = 4.7 saniyə, 0-300 = 37.5 saniyə / maksimal sürət 337 km.h / trasda 10.2 L, şəhər içində 22.7 L / ötürücü arxa / 7 pilləli robot SMG transmissiya / uzunluq 4855 mm, eni 1846 mm, hündürlük 1469 mm, təkər bazası 2888 mm / təkər ölçüsü 255/40 R19 və 285/35 R19 / ağırlıq 1855 kq / baqaj həcmi 520 L / yanacaq tutumu 70 L

• 550i - Motor 4.8 / V8 / 367 HP / 490 Nm / 0-100 = 5.3 saniyə / maksimal sürət 250 km.h / trasda 12.3 L, şəhər içində 18.8 L / ötürücü arxa / 6 pilləli SMG transmissiya / uzunluq 4854 mm, eni 1846 mm, hündürlük 1468 mm, təkər bazası 2888 mm / təkər ölçüsü 225/50 R17 / ağırlıq 1800 kq / baqaj həcmi 520 L / yanacaq tutumu 70 L

• 535i - Motor 2979 Twin-Turbo / L6 / 300 HP / 400 Nm / 0-100 = 5.7 saniyə / maksimal sürət 250 km.h / trasda 10.9 L, şəhər içində 16.3 L / ötürücü arxa / 6 pilləli transmissiya / uzunluq 4854 mm, eni 1846 mm, hündürlük 1468 mm, təkər bazası 2888 mm / təkər ölçüsü 225/50 R17 / ağırlıq 1679 kq / baqaj həcmi 520 L / yanacaq tutumu 70 L

• 530i - Motor 3.0 / L6 / 272 HP / 320 Nm / 0-100 = 6.3 saniyə / maksimal sürət 250 km.h / trasda 5.8 L, şəhər içində 10.9 L / ötürücü arxa / 6 pilləli transmissiya / uzunluq 4854 mm, eni 1846 mm, hündürlük 1468 mm, təkər bazası 2888 mm / təkər ölçüsü 225/50 R17 / ağırlıq 1605 kq / baqaj həcmi 520 L / yanacaq tutumu 70 L

• 528i - Motor 2996 sm3 / L6 / 230 HP / 271 Nm / 0-100 = 7.1 saniyə / maksimal sürət 245 km.h / trasda 7.5 L, şəhər içində 14 L / ötürücü arxa / 6 pilləli transmissiya / uzunluq 4854 mm, eni 1846 mm, hündürlük 1468 mm, təkər bazası 2888 mm / təkər ölçüsü 225/50 R17 / ağırlıq 1619 kq / baqaj həcmi 520 L / yanacaq tutumu 70 L

• 525xi - Motor 3.0 / L6 / 218 HP / 270 Nm / 0-100 = 8.2 saniyə / maksimal sürət 234 km.h / trasda 6.3 L, şəhər içində 11.2 L / ötürücü tam / 6 pilləli transmissiya / uzunluq 4854 mm, eni 1846 mm, hündürlük 1468 mm, təkər bazası 2888 mm / təkər ölçüsü 225/50 R17 / ağırlıq 1720 kq / baqaj həcmi 520 L / yanacaq tutumu 70 L




Rəylər

Oxşar məqalələr